29 İyun 2009-cu ildə Park İnn otelinin "Dan Ulduzu" zalında "Ansar leasing"in təqdimat mərasimi keçirildi.
29 İyun 2009-cu ildə "Ansar leasing"in, Park İnn otelinin "Dan Ulduzu" zalında təqdimat mərasimi keçirildi. Öncə şirkətin təsisçisi olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının icraçı direktor cənab Xalid əl-Abudi təmsil etdiyi təşkilat haqqında məlumat verdi. O qeyd etdi ki, korporasiya İslam İnkişaf Bankı, 45 İslam ölkəsi və İslam ölkələrinin təmsilçiləri olan 5 maliyyə qurumu tərəfindən 1999-cu ildə təsis edilib və şəriət qaydalarına uyğun olaraq üzv ölkələri, həmin ölkələrin nümayəndələri tərəfindən yaradılmış özəl biznes subyektlərinə maliyyə yatırımlarının həyata keçirilməsilə məşğuldur.
"Ansar Leasing" şirkətinin baş meneceri cənab Ceyhun Nağıyev isə yeni yaradılmış qurum haqqında danışdı. O bildirdi ki, "Azərbaycan Lizinq Şirkəti" MMC 2008-ci il dekabr ayının 12-də rəsmi dövlət qeydiyyatından keçmişdir. Ticarət nişanı "ANSAR LEASİNG" olan şirkətin nizamnamə kapitalının həcmi 5000000 manat təşkil edir. Müəssisə əsasən maliyyə lizinqi xidmətlərinin göstərilməsilə məşğul olacaq. Fəaliyyətində şəriət qaydalarını rəhbər tutan müəssisə qısa müddət ərzində Azərbaycanın lizinq bazarında aparıcı mövqeyə sahib olmaq niyyətindədir. C.Nağıyev əminliklə vurğuladı ki, şəriət qaydaları əsasında fəaliyyət göstərmək müştərilərin maraqlarını müdafiə etməyə və onların rəğbətini qazanmağa xidmət edəcəkdir.
Tədbirdə həmçinin İqtisadi İnkişaf Nazirliyinin və İslam İnkişaf Bankının nümayəndələri çıxış etdilər, "Ansar Leasing"in Azərbaycanın lizinq bazarında layiqli yer tutacağına öz əminliklərini bildirdilər.